Sənin Tanrın

Senin Tanrin, Tanri haqqinda fikirler, meqaleler

Tanrı təkcə din məsələsi deyil, həm də şəxsiyyət məsələsidir. Əgər öz içinizdə onu duya bilməsəniz, göyün ən yüksək qatlarına qanadlı quş kimi səfər etmək imkanınız olsa da, bütün dini kitabların sətirlərinə sözbəsöz hakim olsanız da, axtardığınız sirri tapa bilməyəcəksiniz.
Tanrıya inananlar? Sözsüz ki, müxtəlif cəmiyyətlərin müxtəlif mədəniyyətləri olduğu kimi, hər mədəniyyət daxilində də fərqli fərdlərin fərqli inanışları olur. Bu, qınanılacaq bir yanaşma deyildir. Onların daxilində tək və bənzərsiz Tanrının mövcudluğuna inananlar da çoxdur. Həmin inananların isə bəzi yanlışları var. Çünki onlar hər zaman Tanrını kənarda bir yerlərdə axtarır. Gözəgörünməz olduğuna əmindirlər, çox uzaq bir nöqtədə – bütün insanlardan xeyli uzaqda mövcudluğunun bizə nəzarət etdiyinə inanırlar. Əgər məndən inancım soruşulsa, təbii ki, cavabım yalnız bir Tanrının var olduğu olar. Anlaşılması vacib problem isə yaradanı uzaqlarda özümüzdən kənarlaşdıraraq yox, öz daxilimizdə tapıb əməllərimizlə bütünləşdirməkdir. Öz içimizdə bələd olduğumuz, sahib olduğumuz hər şeyi qorumağa meyilli, itirməkdən qorxan varlıqlarıq axı biz insanlar. Heç bu sual ağlınıza gəlibmi ki, mən yaradanı uzaqlarda xəyal etdikcə onu necə dərindən duya bilərəm? Bəlkə elə ona görə insanlar söz üstündə inandıqları hər şeydən bu qədər uzaq və əlaqəsiz həyat sürürlər. Hər gözəl məfhum əlçatmaz olaraq dəyərləndirildiyi üçün, bədənimizlə ruhumuzu ayrı-ayrı qitələr kimi qavradığımız üçün, kitablarda yazılanın və ya dildə deyilənin dərinliklərinə enməkdən qorxduğumuz üçün..

Özündə nəyi tapırsan? Gəlin, Tanrını özümüzdə axtarmağa başlamazdan öncə öz içimizdə nəyi tapdığımıza baxaq: Sevgi, ədalət, duyarlılıq, məsuliyyətlilik – bütün bunların tənqidçisi vicdan, vicdanı təhdid edən, onu duymaqdan imtina edən azadlıq duyğumuz. Bunları taparsanız əgər, şəxsiyyətinizdə hansının nə dərəcədə kök saldığına əmin ola bilmək Tanrını hər an hiss etməyinizə, heç unutmamağınıza kömək edə bilər.

Bir də baxdınız ki, ruhunuzda Tanrı yoxmuş, gözəlliklərdən məhrumsunuz, tamamilə qorxusuzsunuz, siz möhtəşəm bir dinə inandığınızı sanarkən elə öz əllərinizlə yaradanı büt halına çevirib özünüzdən xeyli uzaqlaşdırmısınız. Əmin olun ki, Tanrı öz içinizdədir deyən dahilər yanılmayıblar. (“ Vicdan insanın içindəki Tanrıdır.” – V. Hüqo)
Deməli, hər insanın özündən uzaqda – yalnız kitabda, dində, xüsusi dini bayramlarda yaşatdığı mükəmməl Tanrısı varsa, hər insan öz ruhunun tanrısını yaşatmaqdan, bəsləməkdən imtina etdikcə insanlığın tanrısının dəyəri bir o qədər azalır. Məhz ona görədir dinsizlik, canilik və sevgisizliyin artması. Dinlərin və yaradanın günahı yoxdur. Hər yanlış özündə “doğru”nu elə gözəl gizləyir ki…

Səhər duranda varlığınıza şükr edib, axşam yuxuya getməzdən öncə varlığınızın əməllərini, hərəkətlərini tənqid etməlisiniz. Hər növbəti gün sizin tanrınız qüsursuzlaşmalıdır, daha kamil olmalıdır, daha ziyansız. Tanrını elə gözəl duyun ki, həmişə öz içinizdə araşdırmaqdan doymayacağınız bir səfərə çıxın. Bu səfərdə daxili aləminiz elə bir şəxsiyyətin bütünü olmalıdır ki, tapacağınız sualların cavabı sizə ürkütməməlidir.

Sənin Tanrın. Məsələn, filosof şairlərimizdən H. Cavidin tanrısı sevgi və gözəllik idi. Demək ki, hər yaradılışda gözəlliyi duyurdu, bu dünyaya sevgi üçün, yalnız və yalnız sevgi üçün gəldiyimizin kamilliyinə çatmışdı. Heç düşünürmüsüzmü ki, biz niyə yarandıq, nə üçün varıq? Axı bunun elə mənalı və məntiqli izahı olmalıdır ki, inandığımıza dəysin. Hər insanın öz həyat mübarizəsində sevgi və gözəlliyi nə qədər yaşada biləcəyini, digərlərinin isə o anlayışların mahiyyətini nə qədər əksildə biləcəyini təsəvvür edin. Tanrısı çox qüsursuz olub özü tanrısız olanları təsəvvür edin!
Yaradanın olmadığı nəticəsinə varan, ona şübhə duyan hər insanın belə ruhunda bir və tək tanrısı var. Bu baxımdan, hamımız dindarıq. Etdiklərimiz, məqsədlərimiz, bizi idarə edən duyğular bu dinlərin fərqlilikləridir. Sizə həyatı sevdirən, həyata küsdürən, pisliyin və yaxşılığın dalğaları boyunca ordan-ora sürükləyən öz tanrınızdır (bəzi elmi yanaşmalarda ona “iradə” deyilir).

Öz tanrınızı bəsləyin ruhunuzun gözəllikləri ilə. Ancaq öz yaxınlarınızı sevərsəniz, insanlığa nifrət edərsiniz, çünki həmin insanlığın çox parçası da yalnız öz yaxınını sevir. İnsanlıq bütündür, sevgi sonsuzdur, demək ki, hər birimizin öz tanrısı gözəlləşdikcə yaradılışın əvəzsiz Tanrısı anlayışı şübhələrdən arınmış şəkildə dünyanı bəzəyəcəkdir.

( Həmçinin yayımlanıb: Sim-sim.az )

How useful was this post?

Click on a star to rate it!

Average rating 0 / 5. Vote count: 0

No votes so far! Be the first to rate this post.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir