Mənim həyat sandığım həyatım kiçik bir qəsəbədə başlamışdı. Əslində, orada başlamamışdı, lakin mən xatırlaya bildiyim ən əski xatirələrin məskəni bu yaşam yeri idi. Soyuq və qəsvətli bir qış günündə anam və atam məni xalamın yanına gətirdi. Burada bir neçə gün qalacağımı söylədilər, mən də inandım. Düşünsənə, uşağın inanmaqdan başqa nə qüsuru, inanmaqdan başqa hansı seçimi var ki! Hələ “inanmamaq” deyilən bir şey olduğunu, inanmağın yanlış nəticələri olduğunu bilmədiyim bir yaş dövrü idi. Xalamı da çox sevirdim, etiraz etmədim. Heç sual da vermədim onlara: haraya və nə üçün getdiklərini. Bəlkə də, suallardan çox cavablardan qorxan bir uşaq idim mən. Dəyərli oxucu, uşaqlıq xatirələrimi canlandırmaq istəmirəm. Onlar şüuraltımın ən dərin yerlərində, dumanlı xülya və düşüncələrin kölgəsində qalsa, daha yaxşıdır. Gördüyünüz kimi, bu qəsəbədə uşaqlığım keçdi, böyüyürdüm. Xalamla, amma əslində, tək-tənha böyüməkdə idim. Əsla dostum olmadı. Uşaqlıq saflığımı doya-doya yaşayacağım anlarda da qəsvət bağladı dörd tərəfimi. Şübhə o vaxtlardan artıq mənim içimə kök salmağa başlamışdı, mən bunun fərqinə çox gec vardım. Güvənmədim, güvənəcək kəslərim, imkanlarım da olmadı. İllər keçdi, bir-birini əvəzləyən yaşlarım mənim qorxularımdan bir şey əksiltmədi, mən də belə yaşadım. Eh, o vaxtlar yaşamaq anlayışını da nəfəs-alıb vermək kimi qavrayırdım. Başa salan lazım idi ki, yaşamaq nəyin var, nəyin yox doya-doya həzm etməkdir onları. Bəlkə də, yaşamaq həm yaşaya bildiklərindən, həm də yaşaya bilmədiklərindən heç doymamaqdır. Bunu bilən və mahiyyətinə enən varmıdır ki!? Belə yaşamaqdan bir müddət xəbəri olmayan canlı kimi hey düşüncələrinin, cavablanmamış suallarının birindən digərinə sürünərək həyat sürən insan idim mən.
***
Bir gün – yenə durğun bir gündə bu kiçik qəsəbənin mərkəzindən azacıq uzaq, sakit və unudulmuş bir yerdə gəzməkdə idim. Sol tərəfim tünd yaşılı, olduqca uzun ağaclarla sarılı idi. Sağ tərəfdə isə quraqlıq çölləri xatırladan sarımtıl, solmuş mənzərə hakim idi. Bu kiçik qəsəbənin ən yaşıl yerində cəmi beş dənə sırayla düzülmüş ağacların olması insana çox qəribə gəlir. Təbiət təbiətin özündən elə burada məhrum olmuşdu, sanki. Bütün ağacları yox etmişdilər, bütün yaşıl canlıları. İnsan adlandırdıqları bizim kimi canlıların isə canlarını yox edə bilmədikləri halda, ruhlarını məhv etməyə çalışırdılar. Bacarırdılarmı? – Şübhəsiz! Elə mən burada kimsəsizliyimi dərin-dərin hiss edərək, içimdə olan bütün duyğuların ağırlığı yeriməyimə imkan verməsə də, ruhuma qismən sahib olmuş bu ağırlığın cismimə əziyyət verməsinə baxmayaraq yeriyirdim. İrəliləyirdim, məqsədim də sonuna qədər əsla vazgeçmədən irəliləmək olacaqdı hər zaman. Qarşıma çıxan insanların zahiri görünüşlərinə çox da fikir vermədən getməyimə baxmayaraq, birdən sarı incə telli saçları uçuşan, şən-şaqraq bir qızın xəfif, ancaq iç açan zərif gülüşünün cazibəsinə tutuldum. Onu öz yaşımda sandım, sonradan öyrənəcəkdim məndən iki yaş kiçik olduğunu. Yəqin ki, onun iki əlindən dünyanın ən toxunulmaz, ən dəyərli çiçəyi kimi əgər əlini biraz bərk sıxsa idilər, öləcək qorxusu ilə tutmuş olan həmin insanlar ata və anası idi. Bütün pisliklərdən xəbərsiz inci uşaq gülüşü onun üzünə elə gözəl yayılmışdı ki, sanki, aydın bir yaz səhərində evlərin pəncərələrinin, tər çiçəklərin çəhrayı ləçəklərinin üstünə yayılan günəş işığı idi. Və bu gülüşü izləmək, bu gülüşün xülyasına qapılmaq həddən ziyadə xoş idi. Mən onun xülyasına qapılaraq irəliləyirdim ki, birdən o, mənə yaxınlaşanda gözləri və incə gülüşü ilə sevgi dolu salam göndərdi və mən bir qədər çəkinərək qarşılıq verdim. Yanımdan ötüb keçdi: ən gözəl sevinclər kimi. Mən arxaya dönmədim. Bəlkə də, heç vaxt sahib ola bilməyəcəyimi düşündüyüm həmin o gülüşü yenidən görməyin qısqanclığı, yoxluğun utanclığı idi bu, bilmirəm. Dönüb bir daha baxmağı istəmədim şən həyatların bizim kimiləri alçaldan kölgələrinə. Bu tənha və donuq bilinməzlikdə sadəcə yorulana qədər yeridim….
***
Evə çatmışdım. Necə və hansı yollardan keçərək gəldiyimi xatırlaya bilmədim. Axşam vaxtı idi. Ay və parlaq ulduzlar xoşbəxt insanlar üçün işıqlı gələcəyin müjdəsini xəbər verən aydın bir mənzərə yaratmışdı. Geridə qalan tünd göy rəngli ucsuz-bucaqsız səma isə mənimtək insanların bilinməz gələcəyini bir daha heç unutmamızı istəmirmiş kimi önümüzə sərmişdi. Hələ mən evin həyətindəykən eşitdiyim, bir-birinə qarışan səslər evdə yad adamların da olduğunu xəbər verirdi. Onları yaxından görmək üçün həyəcanlı şəkildə evə girdim və o anda gündüz vaxtı yolda yeriyərkən qarşıma çıxan və məni isidən həmin şən uşaq gülüşünün bir daha içimi isitdiyini, daha doğrusu, daxilimdə heç üşüyən yer buraxmadığını sevinc hissi ilə qarışıq duyumsadım. Mənə elə parlaq gözlərlə baxırdı ki, bir daha əmin olmuşdum: heç acı görməmiş gözlər gözəl gülür, acı çəkmiş insanların isə sadəcə dodaqları gülər.
-“A bu qız!”- dedi, məni anasına göstərərək. Sonra oturduğu stuldan qalxıb qaçaraq yanıma gəldi və incə, pambıq kimi yumşaq barmaqlarıyla əlimi tutmaq istədi. Əlimi ani olaraq geri çəkdim, əslində, bunu etmək istəmirdim. Bəlkə də, o an əlimi tutsa, ürəyimdən axan tənhalıq və bədbinlik şəlaləsinin onun sevinc dolu hərəkətlərini yuyub aparacağından qorxmuşdum. Ziyan verməkdən qorxmuşdum! O isə sadəcə təbəssümlə çiynini çəkdi və masaya doğru addımlamağa başladı. Elə bu an, sanki, kürəyimdən böyük, sərt bir yumruqla vurdular. Sarı saçlı o gözəl qızı buraxmaq istəmirmiş kimi ona doğru qaçaraq arxadan qucaqladım. Daxilimdə heç olmasa belə ona sevgi, yalnızca sevgi vermək istədiyimi anladım. Qucaqladım, çox güman ki, heç sarılmamış yaralarımı da ona əmanət etmək istəyirdim. Arxadan onun belinə sardığım əllərimi öndən incə barmaqlarıyla tutdu və qarnına sıxdı. Əminəm ki, həmin saniyələrdə o əvəzsiz gülüşü ilə yenə ətrafımızı aydınladırdı.
Xalam yeməyə çağırsa da, getmədim. O da qonaqla birgə masanı yığışdırmağa başladı. Əslində, çox ac idim, xalam da bunun fərqində olaraq israr etməli idi, lakin etmədi. Mən də incinmədim. Çünki normalda analar balasının yemək yeməyi üçün israr edər. Ac olsam da yeməmişdim, gecə ac, qarnım quruldayaraq yata bilməməyin təsvirini beynimdə canlandırmışdım. Bütün bunlara baxmayaraq yeni və tazə, heç çirklənməmiş bir gülüşün himayəsində xəyallara dalmaq, bu sarı saçlı gözəl qızın incə səs tonuyla kresloda oturub nağıl kimi bir həyatın ən xoş mənzərələrini bir sarayın qul kimi işləyən işçilərinin onlara məxsus olmayan həyatı eyvandan izləməsinə bənzəyən tərzdə izləmək xoşuma gəlmişdi. Önündə bir saray var, xoşbəxt bir həyat var. Sən də eyni həyətdəsən – həmin sarayın olduğu böyük həyətdə, ancaq kiçik bir evdə. Həyat budur; imkanlar, fürsətlər o qədər yaxınındadır ki, yoxluq sənə əzab vermir, əksinə yoxluğun bu qədər üzünə vurulması, geniş varlığın isə bu qədər yaxın olub da heç əlçatan olmaması insanı yıxır.
***
Səs eşidib ayıldım. Hələ səhər olmamışdı, ancaq zəif bir işıq günəşin bir azdan boylanacağını xəbər verirdi. Eşitdiyim səs çox zəif, fasilələr və hıçqırıqlarla davam edən bir sızlama idi. Təəccüblə pəncərədən həyətə boylandım, o gözəl qız ağlayırdı. Bəlli ki, ağlamaq ona yad bir duyğu olub, çünki o, gülməyi gözəl bacarır. Bilirdim ki, bu, çarəsizliklə ilk qarşılaşmasıdır. Başını vaxtsız solan çiçək kimi əymiş, evin çöl qapısına tərəf baxaraq sızıldayırdı. Birdən başını qaldırdı və dedi: “ Anamgil getdilər! Həmişəlik getdilər.. “
Anladım, indiyədək anlamadığım şeyi anladım. Sanki, başımın ortasından baltayla vurdular ki, mən ayılım. O an tam əmin oldum ki, mən müvəqqəti olaraq xalamgildə qalmıram. O gözəl qızın da, mənim də taleyimiz eynidir. Bəlkə, o xalam bildiyim qadın da mənim öz xalam deyil. Biz kimlərəsə əmanət edilmiş kimsəsizlərik. Xalam oyanana qədər sarı saçlı bu qızın göz yaşlarını saatlarla dindirə bilmədim.
Səhər yeməyi üçün süfrəyə oturanda qızın baxışlarına xeyli nəzər yetirdim. Dünəndən günəşdən fərqli olmayan, işıq saçan gülüşüylə ətrafımızı bəzəyən bu qız indi xalama elə nifrətlə baxırdı ki.. Olanları həzm etməsi uzun zaman alacaqdı. Hər şey bir gecədə dəyişdi onun üçün. Özümdən çox onun halına acıyırdım. Mən ailəm yanımda olarkən də eyni tənhalığı hiss edirdim, indi də. Amma bu qız, bu qız ki ana-atasına baxışlarında gizlənmiş dərin minnətdarlıqla baxırdı. Elə zənn etmişdim ki, ailəsi də onu çox sevir. Sevgilər də bir gün ölmək üçün yaranır, demək. Uşaqlar da atılmaq üçün dünyaya gəlirlər. Uşaqlar ailələrini seçə bilmirlər, lakin ailələri onları atacağı zamanı seçə bilir. Başa düşmürlər ki, uşaqlar sevilmək üçün yaşayırlar, bu dünyada uşaqların tək dərdi var: mən harada sevgini tapa bilərəm, harada sevilə-sevə bilərəm, harada YAŞAYA bilərəm…
***
Günlər bir-birinin ardınca çarəsizliyimizi üzümüzə vurmaqdan bezməyərək keçirdi. Həmin günlərdən birində “xala” dediyimiz qadın yemək bişirmək üçün lazımlı olan ərzağı almaq məqsədilə bazara getmişdi. Biz də həyətdə Adelya (həmin sarı saçlı balacaq qız) ilə güllər əkirdik. Biz gülləri çox sevirdik. Nə olsun ki, həmin gülləri dərib aparacağımız, könlünü almaq istədiyimiz analarımız yanımızda yoxdur. Nə edək? O tərk edən analar üçün gülləri sevməkdən imtina edək? – Əsla! Axı biz uşağıq, bizim əlimizdən incitmək gəlmir. Saçımızı daramalı, oxşamalı atalarımız da bizi tərk edib deyə nə uzun, gözəl saçlarımıza, nə də darağa və saç bəzəklərinə nifrət edirik. Biz bütün dünyaya sığacaq sevgimizi ancaq ikimiz arasında bölməyə öyrəşmişik. Birdən fəlakətli, sarsıdıcı bir səs məhləyə yayıldı. Hər kəsin qışqırıq səsləri bizi də ürkütdü. Çöl qapını açıb məhləyə doğru qaçdıq. Həyatda başımıza gələnlər səbəbindən qorxuyla üzləşməyimiz asan hal almışdı. Heç nədən qorxmurduq artıq. Xalamızı maşın vurmuşdu, ölmüşdü. Hər kəs başına toplaşıb qışqırıqlarla onu izlərkən biz ən uzaqda durmuş, hadisəni dərk etməyə çalışırdıq. Birdən gözlərimdən tökülmək istəyən yaşların varlığına şahid oldum, Adelya da ağlayırdı. Çox təəccüblü idi, indiyədək bizim üçün heç canı yanmamış birinə görə Adelya və mən bütün səmimiyyətimizlə acı çəkirdik. Xala bizə heç pis davranmamışdı, amma yaxşı da davranmamışdı. Çox sonralar anladım ki, bizi ağladan ona qarşı bəslədiyimiz cüzi sevgi də olmayıb. Hə, bizə baxırdı, onun evində qalırdıq. Bu o demək deyil ki, onu sevməliydik. Onun qarşısına bizim kimi uşaqlara baxmaq vəzifəsi qoyulduğu üçün baxırdı. Bizi ağladan borcluluq hissi, sevgi və ya minnətdarlıq yox, ümumbəşəri insanlıq sevgisi idi. Xalamız üçün yox, bir insanın yaşamının bitdiyi üçün bütün varlığımızla üzülürdük.
Bu fəlakətə ürəyi yanan təkcə biz olmasaq da, bizim üzüntümüz ən az uşaqlığımız qədər təmiz idi. Ağır yaralar alıb yerə sərilmiş o ölü bədənə baxan böyük insanların çoxusu bu mənzərənin təmsilində öz gələcək ölüm yolunu görürdü. Onlar xalamıza yox, özlərinin də yaşamının bitəcəyinə, bu və ya digər yolla ölümə “xoşgəldin” demələri olduğu zamana üzülürdülər. Məzarda olan yaxınlarını xatırlayanlar isə əminəm ki, heç yox dərəcəsində idi. Bəli, ölüm müxtəlif yollarla yenidən xatırlanmışdı. Xalam məzara qoyulandan sonrakı günlərdə ölümün qoxusu və bütün qorxusu yenə qaçıb gedəcəkdi bu insanların üzərindən.
Biz isə kənarda sakit şəkildə olub-bitəni izləyirdik. Hündür, dərinə kök salmış ağac kimi dimdik, lakin payız yarpaqlarıtək titrək durmuşduq bu mənzərənin önündə. Onlar bir daha insan ölümünə üzülərkən biz insanlığın can verməsinə üzülürdük.
(Manevr.az saytında və “Yazı” dərgisində dərc olunub)