Bu gecə yenə yorğun idim. Səhər tezdən o zəngin müştərilərimdən birisi gəlib alçaldıcı baxışlarla sifarişini tələb edəcəkdi, sonra da pulunu üzümə tullamaq istərcəsinə həmişə çalışdığım masaya qoyacaqdı. Mənim masama.. Gecələr orada eyni nöqtəyə zillənməkdən qaranlığa qərq olan gözlərimin iynə ucu boyda işığa həsrət qaldığı o masa. Mənim çalışdığım masa.- səhərə qədər yuxuya həsrət, nəfəsimi tutmuş kimi incə-incə işlədiyim, tikdiyim bu içi çirkinliklərlə dolu insanların çölünü bəzəmək üçün istifadə etdikləri gözəl, ipək parçalardan göz qamaşdırıcı paltarların yarandığı bu masa. Mənim əllərimdən çıxan gözəlliyin onların bədəninə yerləşməsi ilə bir müddət cazibədar gözəlliyə qovuşan insanların ruhlarının çirkinliyi ilə qarşımda durduqları an. O an: əziyyətimin müqabilində bir neçə kağız parçasının sanki mən onlara borcluymuş kimi mənə verildiyi an.
Dözülməzdir. Amma, məcburam. Yaşamaq üçün məcburam. Əslində, buna yaşamaq deyilməz, həyatda qalmaq üçün.. Sırf həyatda qalmaq üçün məndən daha pis şəraitdə yaşamağa çalışan, çox pis şeylərə dözən insanlar var. Onların yanında mənimki nədir ki!? Belə düşünmək az da olsa, insanı rahatladır. Mən bir dərziyəm. Paltarlar tikərəm, düzəldərəm, onların cırıq-sökük yerlərini bərpa edərəm. Bəzən fikirləşirəm; parçaların, paltarların cırıq-sökük yerlərini düzəltmək çətin deyil, azacıq zəhmət yetər. Ancaq, mənə geyimlərini düzəltdirən bu insanların yerlərə düşmüş, paltarları kimi yerlərdə sürünən şəxsiyyətlərini düzəltmək mümkünmü? Buna aylar, illər, bəlkə də bir ömür yetə bilərmi?
Üstlərindəki parçanın göz alıcı gözəlliyi ilə parıldayan bu insanlar altlarında heç olmayan xarakterləri ilə qaranlıq bir quyunu andırır. Və belə insanların tək məqsədi gözəlliyə sahib olmaqdır. Hər bir şeyləri gözəl olmalıdır. Təəssüf, sahib olurlar da, gözəlliyi satın da alırlar. Çox güman ki, gözəllik onlara sahib olmaq istəməzdi.. Buna əminəm. Eh! Nə bilim. Çox hirsliyəm bu dünyanın ədalətli kimi görünən ədalətsiz quruluşuna. Bu qədər düşünmək yetər! Yatmaq vaxtıdır. Bir neçə saat yatmaq. Yuxuya həsrətəm, lakin digər insanlar kimi çox yata bilmirəm. Onlarla mənim aramda olan fərqlərdən biri də budur: onlar gecələri yataqda, gündüzləri isə ayaqda yatırlar. Mənsə yalnızca yataqda dinlənmək üçün yatıram.
Səhər vaxtı.. Günəşin işığı özüm qədər zəif, hər an qırılmağa hazır yatağımın üzərinə “hələ də ümid var” deyərcəsinə düşür. Sanki o da məni təhqir edir. Olmayacaq şeylərin, aydınlıq gələcəyin xəyallarını qurdurur mənə. Onun ardınca gələcək olan sonsuz, qaranlıq gecə isə xəyallarımı, heç tamamlanmayan, yarımçıq qalmış quru xəyallarımı yıxmadan yatmağa qoymaz məni.
Oyanmaq vaxtıdır. Günəşin işığıyla birgə dodaqlarımda doğan xəfif gülümsəmə yerini qorxuyla titrəyən, bir o qədər aciz, donuq baxışlara və yenə ümidsiz duyğulara verdi. Səhər yeməyi belə yemədən tezcə qalxıb sifarişləri paketlərinə qoymağa başladım. Çünki bilirəm ki, cuzi bir səhv, kiçikcə bir səhv bu pulu-parası bol, vicdanı heç olmayan insanlara kifayət edər ki, məni indiyə qədər olmuş bütün dünya savaşlarının səbəbkarı kimi yerin dibinə batırsınlar. İndi hazıram. Sifarişlər sahiblərini gözləyir. Birazdan, on beş dəqiqə sonra böyük bədənli, zəhmli baxışlarıyla yeri-göyü titrədən həmin o adam-yaşlı bir kişi içəri girib salam belə vermədən sifarişini istəyəcək. Hələ istəməklə qalmayıb, səliqəli və incə şəkildə paketlədiyim qutunu açdırıb bir səhv varmı-deyə bütün kostyumu başdan-ayağa incələrkən qorxunc baxışlarının izləri kostyumun təmiz, hamar parçasına qonacaq. Sanki bütün sevgimi verdiyim, əziyyətimin bəhrəsi, yorğun gözlərimin, titrəyən əllərimin neməti elə o an məhv olmuşdur. Bu hissi yaşamaq ağır gəlir mənə.
Budur! Heç bir səhv yoxdur. Kostyum tamamilə göz oxşayır, xoşagəlməz heç nə tapa bilmədi. Bunun müqabilində heç bir səhvimin olmaması da böyük bir qəbahətmiş kimi o zəhmli baxışlar üzərimə yönəlir. Pulunu verib çıxıb gedir özündən başqa hər kəsi əzmək istəyən addımlarıyla. Uzunca müddət başımı qaldırmadan əzilirəm bu baxışların və masama atılan kağız parçalarının, onların dünyanın ən gözəl neməti kimi gördüyü pulun qarşısında.. Bu müştərilərin heç birinin gözünün içinə baxmıram. Qorxuram o qaranlıqdan. Bir an baxaram və onların gözlərindəki əbədi qaranlıq birdən qəlbimə yol tapar, bu kirlilik məni də özünə yoldaş edər deyə qorxuram.
Burası mənim evimdir. Dükanım həm də evimdir mənim. Özümdən qabaq evimi qorumalıyam. Düşüncələrimin məskəni, arzularımın həbsxanası olan evimi. Ona görə sevmirəm havası, baxışı, gülümsəməsi saxta, lakin üzərlərindəki hər bir şeyi dəyərli və həqiqi olan bu insanları. Sahib olduğum tək şey bu dükan, yəni evimdir. Sahib olduğum tək dostlar isə evimin divarları. Hər zaman onlarla danışıram, tökürəm içimi. Sağ olsunlar, nə sözümü kəsdilər, nə də qınadılar məni “Niyə bunu dedin!”, “Niyə bunu düşündün!”- deyə. Nə də pis baxış atdılar. Gün ərzində bu dükanın önündən yüzlərlə insan keçər, üç-dördü mənim dükanıma paltarlarını düzəltdirmək üçün girərlər. Çoxlu insana baxıram hər gün, amma çox azını görürəm. Bəzilərini heç görə bilmirəm, çünki bədənindən başqa heç nəyi yoxdur bəzilərinin. Əgər əlimdə olsa, mən, yəqin ki, bu küçənin adını “Qaranlıq qəlblər küçəsi” qoyardım. Hələ buradan aydınlıq bir insanın keçdiyini görmədim. Hamısı tələsir; danışmağa, getməyə, qışqırmağa, nəsə istəməyə. Dinləməyə isə gecikirlər. Mənim də dükanım bu küçənin ən sonunda, ən sağda yerləşən balaca təkpəncərəli boz rəngli divarları olan bir yerdir. Tale məni hər şeydən və hər kəsdən uzaq salmağa niyyətli imiş. Dükanım belə digərlərindən fərqlidir, tənhadır, uzaqdadır. Mənim kimi möhtacdır günəşə, işığa, insana, gülüşə…
Getdikcə bədbinləşirəm sifarişləri hazırladığım, paltarları tikdiyim saatlarda. O insanlara faydam var, çünki paltarlarını, əşyaları hər şeydən, hamıdan, hətta uşaqlarından belə çox sevərlər. Bunu heç anlamıram. Mən özüm əşyalara bu dərəcə bağlı deyiləm axı. Əslində, mənim əlimdəki bu ip, əyri iynə, köhnə 1-2 dəst paltar, hər an bir ayağı əyiləcəkmiş kimi duran yataq, köhnə naxışlı tikan kimi adamın dərisinə batan köhnə yorğandan başqa heç bir əşyam yoxdur. Bəlkə də, bunlar əşya sayılmaz, bilmirəm. Amma, yenə də bu sevmədiyim insanlara az-çox faydam toxunur. Bəs özümə? Bilmək istərdim ki, həqiqətən də başqalarına çox faydası dəyən insanların heç mi özünə faydası olmur? Bunu bilmək istərdim…
Gecə gəlib çatırdı. Çox yorğun olsam da, gecənin qaranlığında gəzmək, düşüncələrimi havanın boşluğuna sakitcə buraxmaq, gündüzləri insanların qaçaraq keçdiyi bu yolların indi, bir tək ayın işığında hər bir daşını, küncünü, qurumuş ağaclarını izləyə-izləyə getmək yaxşı hiss etdirəcəkdi mənə. Səssiz bir gecə və içində fırtınaları, qışqırıqları bitməyən zəif bir adam – Mən. Atdığım hər addım məni mən istəməyə-istəməyə keçmişimə sürükləyir.
Atamın öncə anamı, sonra da məni tərk etdiyi bu küçə. Görəsən, atam bir müddət sonra anamın da məni tərk edəcəyini bilsə idi, edərdimi bunu bizə? Yenə gedərdimi? Atam başqa bir qadın – onu cəzb edən, gözəllik sandığın şey uğruna getdi, anam da atam üçün məni tərk etdi. Atamın qaranlıq qəlbinin buludları onu öz fırtınasında boğmaqla yetmədi, anamı da, məni də ardıyca apardı. Atam anamın gözündə mütləq gözəllik idi. Anama görə atam ən gözəl ruha sahib bir insandı. Buna görə getdi. Atamın heç olmayan gözəlliyinin qurbanı oldu. Mən də onların qaranlıq qəlblərinin..
Bəlkə də, anam fərqində idi. Fərqində idi ki, atamda, onun ruhunda zərrə qədər gözəllik olmayıb. Sadəcə o gözəlliyin bir gün doğacağına ümid edirmiş. Ümid və gözəllik – bu ikisi insanı məhvə sürükləyə bilər. Onların nə düşünmüş olduqlarını, tamamilə necə insan olduqlarını – bunu bilə bilmərəm. Bircə onu bilirəm ki, bunu əminliklə deyə bilərəm ki, bu dünyada ən böyük ehtiyac sevgidir. Hər kəsin sevgiyə ehtiyacı var. Kimiləri sevməyi bacarmır, kimiləri isə sevgi verməyi.
Anam və atam sevgi ehtiyacları üzündən və sevgisizlikləri ilə məni tərk edib, atıb getdilər. Həmişə ehtiyac içində böyüdüm.
Və bu küçələr.. Bu küçələr səssizliyi ilə çox şeyi aldı məndən. Səssizlik ən qorxulu şeydir. Səssizlik məsum kimi görünən ən qəddar şeydir.
Yeriyirəm..Qarşımdakı aydınlıqdan bixəbər, gələcəkdən ümidsiz və keçmişimlə boğularaq..
(Hekayə Milli Maarif Dərnəyinin təşkil etdiyi hekayə yarışmasında iki mərhələdə qalib seçilmiş, Türkiyənin “Mergen Yayınları – Mergen” dərgisində çap olunmuşdur)